Tehranda dövlət başçılarının birgə bəyanatı

7 may 1992-ci il
Tehran

İran İslam Respublikasının Prezidenti cənab Əkbər Haşimi Rəfsəncaninin dəvəti ilə Azərbaycan Respublikası Prezidentinin vəzifəsini icra edən cənab Yaqub Məmmədov və Ermənistan Respublikasının Prezidenti cənab Levon Ter-Petrosyan ikitərəfli danışıqlar aparmaq və regional problemləri müzakirə etmək üçün Tehrana gəlmişdirlər. İran tərəfinin təşəbbüsü və diplomatik səyləri çərçivəsində Dağlıq Qarabağda və Azərbaycan-Ermənistan sərhədində vəziyyətin normallaşması və bölgədə gərginliyin azaldılması məqsədilə mövqelərin bir-birinə daha da yaxınlaşdırılması üçün iki dövlət lideri 1992-ci il mayın 7-də görüşərək danışıqlar aparmışlar.

Tərəflər İran İslam Respublikasına, beynəlxalq və regional təşkilatlara, eləcə də digər ölkələrə regionda münaqişənin sülh yolu ilə həllinə yönəlmiş səyləri üçün öz minnətdarlığını ifadə edərək sülh arzularının və xoş niyyətin sülh və sabitliyə kömək edəcəyinə ümidvar olduqlarını bildirdilər.

İkitərəfli münasibətlərin inkişaf etdirilməsi və regionda təhlükəsizliyin təmin olunması məqsədilə tərəflər iki ölkənin yüksək səviyyəli nümayəndələrinin, rayon rəhbərlərinin və məsul hərbi nümayəndələrin vaxtaşırı görüşünü təşkil etməyə razılıq verdilər.

Tərəflər ATƏM və beynəlxalq hüquq prinsipləri əsasında müxtəlif səviyyələrdə ikitərəfli münasibətlərin sülh yolu ilə normallaşması ilə bağlı bütün məsələlərin həll olunmasını istədiklərini ifadə etdilər.

Beynəlxalq hüquq normalarını və BMT Nizamnaməsini əsas götürərək tərəflər Dağlıq Qarabağ sərhədlərində sülh və sabitliyin təmin edilməsinin həm bu iki dövlət, həm də bölgə üçün sərfəli olduğunun zəruriliyini vurğuladılar.

İnsan hüquqlarına və azlıqların hüquqlarına hörmətlə yanaşan tərəflər bir-birinin diqqətini erməni və azərbaycanlı qaçqınların problemlərinin həlli məsələlərinə yönəltdilər.

Tərəflər razılığa gəldilər ki, bir həftə ərzində İran İslam Respublikası Prezidentinin xüsusi nümayəndəsi cənab M. Vaezinin bölgəyə gəlişindən, maraqlı tərəflərlə danışıqlar aparmasından sonra Azərbaycan və Ermənistan dövlət başçılarının dəstəyi ilə atəşkəs yaradılır və eyni zamanda iqtisadi ehtiyacların qarşılanması məqsədilə bütün rabitə yollarının açılması təmin edilir.

Əldə olunmuş sazişin həyata keçirilməsi məqsədilə razılığa gəlinərsə, İran İslam Respublikasının müşahidəçiləri ilə yanaşı ATƏM və digər müşahidəçilər də cəlb olunacaq.

Tərəflər Tehran Sammitinin işini müsbət qiymətləndirərək ikitərəfli əlaqələr ilə bağlı bütün məsələləri müxtəlif səviyyələrdə və danışıqlar yolu ilə görüşlər və məsul şəxslərin məsləhətləşmələri ilə həll edilməsi barədə razılığa gəldilər.

İki dövlət liderləri İran İslam Respublikasının səylərini yüksək qiymətləndirərək İran İslam Respublikasının bölgədə tamamilə sülh və sabitlik yaradılmayana qədər öz səylərini davam etdirəcəyinə ümidvar olduqlarını bildirdilər.

İran İslam Respublikası: Əkbər Haşimi Rəfsəncani
Azərbaycan Respublikası: Yaqub Məmmədov
Ermənistan Respublikası: Levon Ter-Petrosyan