“Yeni dövrdə həqiqi tərəfdaşlığa doğru” ATƏM Budapeşt Sənədi (1994)

II Regional məsələlər
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏM-in
fəaliyyətinin intensivləşdirilməsi
Budapeşt, 5 dekabr 1994-cü il

1. İştirakçı dövlətlər münaqişə və onun nəticəsi kimi insan faciəsinin davam etməsini pisləyərək münaqişədə iştirak edən tərəflərin 1994-cü il may ayının 12-də ATƏM-in Minsk qrupu ilə birgə əməkdaşlıqda Rusiya Federasiyasının vasitəçiliyi ilə razılazdırılmış atəşkəsi təsdiq etmələrini alqışladılar. İştirakçı dövlətlər BMT Təhlükəsizlik Şurasının əlaqədar qətnamələrinə dair öhdəliklərini təsdiq etdilər və Təhlükəsizlik Şurasının münaqişənin sülh yolu ilə həll edilməsinə yönəlmiş ATƏM-in səylərinə verdiyi siyasi dəstəyi alqışladılr. Bununla əlaqədar, onlar münaqişədə iştirak edən tərəfləri, birbaşa əlaqələr də daxil olmaqla, intensiv daimi danışıqlara çağırdılar. Bu kontekstdə onlar ATƏM-in səylərini və köməyini ikiqat artırmağa söz verdilər. Onlar ATƏM-in Minsk qrupunun vasitəçilik səylərini qətiyyətlə bəyəndilər və Rusiya Federasiyasının mühüm töhfəsinə və Minsk Qrupunun digər ayrı-ayrı üzvlərinin səylərinə görə minnətdarlıqlarını ifadə etdilər. Onlar bütün bunları ATƏM çərçivəsi daxilində vahid, uzlaşdırılmış səylər şəklində uyğunlaşdırmağa razılaşdılar.

2. Bununla əlaqədar onlar fəaliyyətdə olan sədrə iştirakçı dövlətlərlə məsləhətləşərək və mümkün qədər tez bir zamanda fəaliyyət göstərərək, danışıqlar üçün ümumi və razılaşdırılmış əsasın təmin olunması və bütün vasitəçilik və danışıqlara dair fəaliyyətlərin tam uyğunlaşdırılmasının həyata keçirilməsindən ötrü Minsk Konfransının həmsədrlərini təyin etməyi tapşırdılar. ATƏM prinsiplərini və razılaşdırılmış mandatı əldə rəhbər tutan həmsədrlər Minsk qrupunun iclaslarında birgə sədrlik edəcək və fəaliyyətdə olan sədrə birgə hesabat verəcəklər. Onlar mütəmadi olaraq Daimi Şuraya öz işlərindəki irəliləyişlər barədə ətraflı məlumat verəcəklər.

3. Bu səydə ilk addım olaraq, onlar Minsk Konfransının həmsədrlərinə Rusiya Federasiyasının və Minsk Qrupunun digər ayrı-ayrı üzvlərinin dəstəyi və əməkdaşlığı ilə mövcud atəşkəsin davam etdirilməsi və əvvəlki vasitəçilik fəaliyyətlərində əldə edilmiş tərəqqiyə əsaslanaraq, münaqişənin sülh yolu ilə əldə edilməsinə dair sazişin tezliklə həyata keçirilməsi üçün siyasi danışıqların aparılmasına kömək etmək üçün təcili addımlar atmağa göstəriş verdilər. Bu sazişin həyata keçirilməsi bütün tərəflər üçün münaqişənin əsas nəticələrini aradan qaldıracaq və Minsk Konfransının çağırılmasına imkan verəcəkdir. Onlar daha sonra Minsk Konfransının həmsədrlərindən etimad tədbirlərinin, xüsusilə humanitar sahədə daha çox həyata keçirilməsi istiqamətində tərəflərlə işi davam etdirməyi xahiş etdilər. Onlar iştirakçı dövlətlərin həm ayrı-ayrılıqda, həm də əlaqədar beynəlxalq təşkilatlar çərçivəsində qaçqınların vəziyyətinin yüngülləşdirilməsinə xüsusi diqqət yetirərək regiondakı əhaliyə humanitar yardımın təmin olunması sahəsində fəaliyyət göstərmələrinin vacibliyini qeyd etdilər.

4. Onlar belə razılaşdılar ki, münaqişədə iştirak edən tərəflərin nöqteyi-nəzərinə əsasən yuxarıda göstərilən sazişin imzalanması sazişin özünün həyata keçirilməsi üçün mühüm element olan çoxmillətli sülhməramlı qüvvələrin yerləşdirilməsinə imkan verəcəkdir. Onlar BMT Təhlükəsizlik Şurasının uyğun qətnaməsilə silahlı münaqişə bitərkən tərəflər arasında bağlanacaq sazişdən sonra ATƏM-in çoxmillətli sülhməramlı qüvvələri göndərmək barədə siyasi iradələrini bəyan etdilər. Onlar fəaliyyətdə olan sədrdən xahiş etdilər ki, o, mümkün qədər tez bir zamanda, 1992-ci il Helsinki sənədinin üçüncü bəndinə əsasən və BMT Nizamnaməsinə tam uyğun şəkildə təşkil olunacaq belə qüvvələrin yaradılması, tərkibi və əməliyyatlarına dair plan hazırlasın. Bununla əlaqədar, fəaliyyətdə olan sədrə Minsk konfransının həmsədrləri və Minsk qrupu, Baş katib tərəfindən köməklik və yardım göstəriləcək, o, həmçinin müvafiq məsləhətləşmələrdən sonra sülhməramlı qüvvələri yaradan dövlətlərə bu qüvvələrin xarakteristikası və həcmi, onlara rəhbərlik və nəzarət, arxa təminat hissələrin və ehtiyatların paylanması, davranış və sazişlərin qaydalarına dair tövsiyələr vermək üçün Vyanada yüksək səviyyəli planlaşdırma qrupu yaradacaq. O, BMT-nin texniki məsləhət və ekspertiza təminatına hazır olduğu barədə bəyanatına əsasən BMT-dən yardım almağa çalışacaqdır. O, həmçinin BMT TŞ-dən ATƏM-in sülhməramlı qüvvələrinin mümkün yerləşdirilməsi barədə davamlı siyasi dəstək almağa çalışacaqdır.

5. 1992-ci il Helsinki sənədinin üçüncü bəndinin müvafiq maddələrinə və hazırlıq işlərinə, sonraki saziş və tərəflərin Minsk Konfransının həmsədrləri vasitəsilə fəaliyyətdə olan sədrə rəsmi müraciətinə əsasən Daimi Şura ATƏM-in sülhməramlı əməliyyatlarının təşkilinə dair qərar qəbul edəcəkdir.