BMT Təhlükəsizlik Şurasının 3505-ci iclasında qəbul edilmiş 822 saylı Qətnamə

30 aprel 1993-cü il

Təhlükəsizlik Şurası

Dağlıq Qarabağ münaqişəsi barədə Təhlükəsizlik Şurası sədrinin 1993-cü il yanvarın 29-da (S/25199) və aprelin 6-da (S/25539) verdiyi bəyanatlara istinad edərək,

Baş katibin 1993-cü il aprelin 14-dəki məruzəsini (S/26600) nəzərə alaraq,

Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin pisləşməsi ilə əlaqədər ciddi narahatlıq izhar edərək,

Silahlı hərbi əməliyyatların güclənməsi, xüsusən də Azərbaycan Respublikasının Kəlbəcər rayonuna yerli erməni qüvvələrinin son təcavüzünü narahatlıqla qeyd edərək,

Eləcə də vəziyyətin bölgədəki əmin-amanlığı və təhlükəsizliyi qorxu altına aldığından narahat olaraq, çoxlu sayda mülki şəxsin yerdəyişməsi və bölgədə, o cümlədən Kəlbəcər rayonunda yaranmış fövqəladə durumla bağlı ciddi narahatlıq ifadə edərək,

Bölgədəki bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörməti bir daha təsdiq edərək,

Eləcə də beynəlxalq sərhədlərin toxunulmazlığını və ərazi əldə etmək üçün qüvvə tətbiq etməyin yolverilməzliyini bir daha təsdiqləyərək, ATƏM çərçivəsində həyata keçirilən sülh prosesini dəstəklədiyini bildirərək və silahlı hərbi əməliyyatların güclənməsinin bu proses üçün dağıdıcı nəticələr verə biləcəyindən dərin narahatlıq keçirərək:

  1. Atəşin biryolluq dayandırılması məqsədilə bütün hərbi əməliyyatların və düşmənçilik hərəkətlərinin dərhal dayandırılması, eləcə də bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın son vaxtlar işğal edilmiş digər rayonlarından dərhal çıxarılmasını tələb edir;
  2. Bu işdə maraqlı olan tərəfləri münaqişəni ATƏM-in Minsk qrupunun sülh prosesi çərçivəsində həll etmək məqsədilə dərhal danışıqları bərpa etməyə və problemin dinc yolla həllini çətinləşdirə biləcək hər cür fəaliyyətdən imtina etməyə israrla dəvət edir;
  3. Bölgədə, o cümlədən münaqişənin əhatə etdiyi bütün rayonlarda mülki əhalinin iztirablarını yüngülləşdirmək üçün humanitar yardım göstərilməsi sahəsində beynəlxalq fəaliyyətin maneəsiz həyata keçirilməsini təmin etməyə çağırır və bir daha təsdiq edir ki, bütün tərəflər beynəlxalq humanitar hüququn prinsiplərinə və normalarına əməl etməyə borcludurlar;
  4. Baş katibdən xahiş edir ki, ATƏM-in indiki sədri ilə, habelə ATƏM-in Minsk qrupunun sədri ilə məsləhətləşmə keçirib bölgədəki, o cümlədən Azərbaycanın Kəlbəcər rayonundakı vəziyyətə qiymət versin və Şuraya yeni məruzə təqdim etsin;
  5. Qərara alır ki, bu məsələ ilə fəal məşğul olunmasını davam etdirsin.